Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
1.7.2015
Rüstəm Kamal

Muxtar Kazımoğlu: obrazın bütövlüyü

Müasir Azərbaycan filoloji fikrində elə şəxslər var ki, onların kitablarını, məqalələrini həm dost, həmkar kimi, həm də alim kimi oxuyuram. Onlardan biri də AMEA-nın müxbir üzvü Muxtar Kazımoğludur.

Muxtar Kazımoğlunun kitabları, tədqiqatlarını oxumaq Azərbaycan folklorşünaslığının tarixindən, inkişaf yollarından və problemlərindən söhbət açmaq imkanıdır.

Onun ilk kitabı - “Müasir Azərbaycan nəsrində psixologizm” bu gün (1991) artıq biblioqrafik eksponata dönübdür. Artıq filoloji klassikadır! Ədəbiyyatda psixologizm problemindən yazan hər kəs mütləq bu kitaba müraciət edir.

Muxtar müəllimin AMEA Folklor İnstitutuna rəhbər təyin edilməsi elmi ictimaiyyəti həm sevindirdi, həm də folklorşünaslıq elminin inkişafına ümidlərini artırdı. Azərbaycan ədəbiyyatı və folkloru milli dəyərlər sistemidir. Muxtar müəllim bu dəyərləri halallıqla qoruyan böyük ziyalımızdır.

Muxtar müəllim heç vaxt ədalət hissini itirmədi. Konyuktor maraqlar naminə ədəbi, elmi meyarlarını dəyişmədi. Nə qədər sərtdirsə, o qədər də kövrəkdir,rəhimlidir və tələbkardır.

Qədim dövrlərdən günümüzə qədər gülüşün fəlsəfi, estetik, etnoqrafik, psixoloji, fizioloji, sosial, antiopoloji və s. problemləri və tarixi - mədəni aspektləri geniş tədqiq olunmaqdadır. Bu sırada ilk növbədə D.S.Lıxaçov və A.M.Pançenkonun “Qədim Rusda gülüş” və M.M.Baxtının “Fransua Rable yaradıcılığı və Orta əsrlər və İntibah xalq mədəniyyəti” adlı kitabları yadımıza düşür.

Xalq gülüşünün poetikasına həsr olunmuş monoqrafiyası Azərbaycan folklorşünaslığının ən dəyərli əsərlərindən biridir. Şifahi xalq ədəbiyyatının janrları və mətnləri əsasında xalq gülüşünün mahiyyəti, ifadə formaları, mifoloji təsəvvürlə əlaqəsi və s.nəzəri məsələlər sistemli həllini tapmışdır.

Görkəmli alim folklor gülüşünü, xalq gülüşünü nə Baxtının “karnaval” anlamında, nə də ənənəvi “satirik” anlamda qəbul etmir. Bu, fikrimcə, metodoloji cəhətdən özünü doğruldur anlamda qəbul etmir. Onu komizmidoğuran səbəblər, komik situasiyalarda qəhrəmanın davranışı, yəni gülüşün semiotikası (bu terminin adını çəkməsə də).

D.S.Lıxaçov və A.M. Pançenko qədim Rusda orta əsrlər komizminin səciyyəvi cəhəti kimi “təlxəklik” və “özünü axmaq yerinə qoymaq” hallarını qeyd edirlər. M. Kazımoğlu isə Azərbaycan (türk) xalq gülüşünün qəhrəmanları “məhz “etiraz edən, kiməsə, nəyəsə qarşı çıxan qəhrəmanlar kimi təqdim edir.

M.Kazımoğlunun tədqiqata cəlb etdiyi folklor mətnlərinin (qaravəlli, lətifə, nağıl, dastan) personajları yalnız obyekt rolunda deyil, həm də subyekt kimi (məsələn, Molla Nəsrəddin, Bəktaşi lətifələrində) çıxış edirlər. (“Dünyaya gələn lətifə qəhrəmanı gülməli dünyadan qıraqda qalmır və tənqid hədəflərindən biri də lətifə qəhrəmanının özü olur”- s.45).

M.Kazımoğlu mətnlərin canlı variativliyində, obrazlarda gerçəkləşmiş folklor ənənəsinin dinamik aspektini çox həssaslıqla duyur. Onun mətnə etibarlı münasibəti var. Muxtar müəllimin sözə -mətnə - obraza - mənaya münasibəti filologiyanın doğrudan da bir “anlama xidməti” (S.S.Averintsev) olmasına bir daha inanırsan.

Görkəmli alimin dəyərli kitablarından biri də “Folklorda obrazın ikiləşməsi” adlanır. Muxtar müəllim “ikiləşmə” deyəndə folklor obrazında və süjetində simmetriyanı və bir - birinə qarşı duran qüvvələrin dinamik bərabərliyini nəzərdə tutur və bununla da folklor mətninin mifoloji məntiqini bərpa edir. Mifoloji məntiq isə əsasən binar (ikili) qarşıdurmalar üstündə qurulur. O.M.Freydenberq “Süjetin və janrın poetikası”nda ikiləşməsini qədim insanın şüurundakı dünyanın binar bölgüsü ilə (“ömür məkanı” və “ölüm məkanı”) əlaqələndirirdi. M.Kazımoğlu isə parodiyanı və qroteski “ikiləşmə” priyomları ilə, komizm hadisəsi ilə (Məsələn: “Komik obraz bir tərəfdən “ciddi” yöndə təqdim edilən obrazla paralellik yaradır, digər tərəfdən isə daxili ikiləşmə mahiyyəti qazanır. Komik obrazın daxilində müsbət və mənfi cəhətlər üz - üzə gəlib vəhdət yaradır”) bağlayır.

Muxtar Kazımoğlunun dərin filoloji mədəniyyəti və əxlaqı, yüksək savadı dəbdə olan terminlərlə oynamağa imkan verdiyi halda, elmi üslubunu qətiyyən ağırlaşdırmadı. Əksinə, elmi üsluba epik intonasiya gətirdi.

O, ən ciddi məqalələrində, məruzələrində sanki epik söyləyici kimi çıxış edir, çünki folklor qəhrəmanlarının gerçək varlığına inanır.

Muxtar Kazımoğlu klassik əsərləri ilə Azərbaycan insanının “gülüş dünyası”nı yeni, fərqli səviyyələrdə öyrənilməsinə, etnik mədəniyyətin təşkili haqqında əsaslı araşdırmalar aparılmasına təkan verəcəkdir. Hətta deyərdim ki, xalqımızın gülüş mədəniyyəti ilə bağlılığını hiss edən yazıçıları da bu kitablara müraciət etməlidirlər. Belə demək mümkünsə, milli gülüş mətninin texnikasını bilmək üçün dönə - dönə oxumalıdırlar.

Daxilən azad insanların gülməyini təsəvvür etmək çətindir.

Muxtar müəllimin də gülməyini az gördüm...

Ancaq onun nurlu çöhrəsinə, işıqlı gözlərinə və böyük ürəyinə gülüş çox yaraşır...

"525-ci qəzet"

22.6.2015

 
© Muxtar KAZIMOĞLU   2014.