Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
18.1.2017

MUXTAR KAZIMOĞLU: FOLKLOR TARİXİN BİR GÜZGÜSÜDÜR

Başlanğıc olaraq Siz müasir Azərbaycan ədəbiyyatı üzrə araşdırma aparmısınız. Azərbaycan folkloruna Sizin marağınızın əsasında nə dururdu?
– Bəli, mənim ilk elmi araşdırmalarım müasir Azərbaycan nəsri ilə bağlı olub. Mən cavan vaxtlarımda müasir Azərbaycan nəsrini psixologizm problemi baxımından araşdırmışam. Aydın məsələdir ki, psixologizm bədii əksetdirmənin bir prinsipidir. Bu prinsipin başlıca şərti həyat hadisələrini qəhrəmanın qavrayışında əks etdirməkdir, əsərdə “düşünən” qəhrəmana daha geniş yer verməkdir. Psixologizm prinsipinə əsaslanan, “psixoloji nəsr” adı daşıyan hekayə və romanlar üçün ən münasib qəhrəman özünüdərk prosesi keçirən qəhrəmandır. Belə qəhrəman daxilən ikiləşir, onun daxilində Öz səsi ilə Özgə səsi üz-üzə gəlir, səslərin biri o birini təkzib və təsdiq edir. Psixoloji nəsr üçün səciyyəvi olan bu cür ikiləşmənin kökü mifoloji görüşlərə gedib çıxır. Dünya xalqlarının mifoloji düşüncəsində qəhrəmanla antiqəhrəman, həqiqi qəhrəmanla yalançı (uydurma) qəhrəman paralellik yaradır, biri digərini tamamlayır. Dünya xalqlarının folklorunda yalançı hökmdar həqiqi hökmdarın, yalançı bahadır həqiqi bahadırın, yalançı adaxlı həqiqi adaxlının magik güc mənbəyinə çevrilir. Yalançı qəhrəmanın ölümü həqiqi qəhrəmanın yenidən doğulmasında, yenilməz güc-qüvvət qazanmasında mühüm rol oynayır. Mifoloji təsəvvürlər sistemində və bu sistem üzərində köklənən folklorda həqiqi və yalançı qəhrəman tiplərinin həm qarşı-qarşıya, həm də iç-içə olması, bu iki tərəfin bir-birini həm rədd, həm də tələb etməsi yazılı ədəbiyyata öz təsirini göstərir, müsbəti və mənfini, yaxşını və pisi, xeyiri və şəri, dramatizmi və komizmi özündə birləşdirən yazılı ədəbiyyat qəhrəmanları öz başlanğıcını, heç şübhəsiz, mifologiya və folklordakı həqiqi qəhrəman və yalançı qəhrəman sistemindən götürür.
Bütün bunları xatırlatmaqla demək istəyirəm ki, bir vaxtlar araşdırdığım psixologizm problemi məni tədricən mifologiya və folklora tərəf aparmağa başladı və folklorşünaslıq sahəsindəki araşdırmalarım iki istiqamətdə aparıldı: folklor və yazılı ədəbiyyatın tipologiyası, folklorun Azərbaycanda az öyrənilmiş məsələlərinin diqqət mərkəzinə çəkilməsi.
– 1983-cü ildən Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində işləməyə başlamısınız. O zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Sovet dövründə Azərbaycan folklorunun öyrənilməsi nə səviyyədə idi?
– Danılmaz faktdır ki, Sovet dövründə Azərbaycan folklorunun öyrənilməsi sahəsində xeyli iş görülüb: dərsliklər, monoqrafiyalar yazılıb, Azərbaycan folklorunun, xüsusən bu folklorun əsas qollarından biri olan Azərbaycan şifahi xalq ədəbiyyatının janr təsnifatı aparılıb; ayrı-ayrı janrlar üzrə folklor nümunələri toplanıb, atalar sözü və məsəllərdən, tapmacalardan, bayatılardan, lətifələrdən… ibarət xüsusi toplular nəşr olunub. 5 cilddən ibarət Azərbaycan nağıllarının, 5 cilddən ibarət Azərbaycan dastanlarının akademik prinsiplər əsasında nəşr edilməsi Sovet dövr Azərbaycan folklorşünaslığının tərtib işi sahəsində mühüm nailiyyətlərindən olub.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Sovet dövrü Azərbaycan folklorşünaslığının o vaxtkı siyasi rejimdən və ideologiyadan irəli gələn bəzi nöqsanları da olub: Azərbaycan şifahi xalq ədəbiyyatının zənginliyi müqabilində toplama işi o qədər də geniş miqyasda aparılmayıb. Tərtib və nəşr olunan şifahi xalq ədəbiyyatı nümunələri Sovet ideologiyasına, xüsusən sinfi mübarizə məfkurəsinə uyğunlaşdırılıb və tədqiqatlarda ideoloji təhlillərə geniş yer verilib. Şifahi xalq ədəbiyyatını folklorun musiqi, rəqs, xalçaçılıq, xalq təbabəti, xalq memarlığı və s. kimi sahələrindən, eləcə də etnoqrafiyadan təcrid olunmuş şəkildə öyrənmək Sovet dövrü Azərbaycan folklorşünaslığının yanlış cəhətlərindəndir. Təəssüf ki, həmin yanlışlıqdan Azərbaycan folklorşünaslığı bu gün də yaxa qurtara bilmir.
Elmi-Mədəni Mərkəz olan Folklor Sarayına (sonralar Azərbaycan Folklor İnstitutu) getməyinizdə məqsəd nə idi?
– Folklor Sarayı adlı Elmi-Mədəni Mərkəz əsasında ayrıca Folklor İnstitutunun yaranması müstəqillik qazanmış Azərbaycanda xalq mədəniyyətinə, bu mədəniyyətin hərtərəfli öyrənilməsinə nə qədər əhəmiyyət verilməsinin, diqqət və qayğı göstərilməsinin bir göstəricisidir. Başqa həmkarlarım, folklorşünas dostlarım kimi Folklor İnstitutunda çalışmaqda mənim də başlıca məqsədim Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması ilə dünya standartları səviyyəsində məşğul olmaq, Azərbaycan folklorunu özümüzə və dünyaya tanıtmaqdır.
– Sizin tədqiqat əsərlərinizin əsas mahiyyəti nədədir?
– Folklorşünaslıq sahəsindəki tədqiqat işlərimi nəzərdə tutursunuzsa, bu tədqiqat işlərində başlıca mahiyyət folklorun, yəni şifahi şəkildə yaranma və şifahi şəkildə nəsildən-nəsilə ötürülmə prinsipinə əsaslanan xalq mədəniyyətinin özünəməxsusluğunu diqqət mərkəzində saxlamaq, həmin özünəməxsusluğu müxtəlif aspektlərdən öyrənməkdir.
– Elmi əsərləriniz harada nəşr olunub? Xarici dillərə tərcümə olunubmu?
– Elmi əsərlərimin çoxu Azərbaycanda çap olunub. Xarici ölkələrdə türk, rus, Ukrayna, ingilis dillərində nəşr olunan əsərlərim də var.
– Sizin doktorluq işiniz xalq gülüşü ilə bağlıdır. Sizcə, nə üçün gülüş azərbaycanlılar üçün mühüm amildir?
– Mənim doktorluq işimin mövzusu olan xalq gülüşü yazılı ədəbiyyatdakı satiradan fərqli məzmun daşıyır. Əgər yazılı ədəbiyyatdakı satirik əsərlərdə tənqid edən və tənqid olunan tərəflər arasında keçilməz sədd, barışmaz münasibət varsa, xalq gülüşündə bu cür sədd və barışmaz münasibət axtarmaq çətindir. Xalq gülüşündə tənqid edən və tənqid olunan tərəflər, gülən və güldürən tərəflər bir-birinin yanında, bir-birinin içindədir, çünki onlar məsxərə adlı eyni oyunun oyunçularıdır. Başqa xalqlar kimi, azərbaycanlılar da bu cür gülüşə doğuluşun, həyatvericiliyin, gücün-qüdrətin rəmzi kimi baxırlar.
– Azərbaycan Folklor İnstitutunun hazırkı məqsəd və vəzifələri nələrdən ibarətdir?
– Bir müsahibə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun məqsəd və vəzifələrindən ətraflı danışmaq, təbii ki, çətindir. Qısaca olaraq onu deyə bilərəm ki, arxaik folklor, klassik folklor və müasir folklor istiqamətlərində toplama, tərtib və araşdırma işləri ilə məşğul olub, “Azərbaycan folklorunun əsasları” çoxcildliyini hazırlamaq; Azərbaycanın bütün bölgələrini, həmçinin Cənubi Azərbaycanı, soydaşlarımızın yaşadığı digər regionları (məsələn, Kərkükü, Dərbəndi, Borçalını) əhatə edən çoxcildli folklor antologiyalarını çap etmək; Azərbaycanın folklor atlasını yaratmaq bizim İnstitutun təxirəsalınmaz məqsəd və vəzifələri sırasına daxildir.
– İnstitut digər dövlət qurumları ilə necə işləyir?
– Folklor İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərdiyinə görə ilk növbədə Akademiya qurumları ilə, məsələn, Ədəbiyyat, Dilçilik, Arxeologiya və Etnoqrafiya, Tarix, İnformasiya Texnologiyaları və s. kimi institutlarla əlaqə saxlayır, həmin elmi qurumlarla əməkdaşlıq şəraitində folkloru hərtərəfli öyrənməyə çalışır. İnformasiya Texnologiyaları İnstitutunun adını təsadüfi çəkmədim. Məsələ burasındadır ki, bu gün internet sistemi digər sahələr kimi, folklorun da təbliğində və araşdırılmasında mühüm rol oynayır. İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq bizə internet və folklor, rəqəmsal folklor istiqamətində işlərimizi bu günün tələbləri səviyyəsində qurmağa kömək edir.
– Folklor İnstitutunun “Dədə Qorqud” jurnalında daha çox hansı yazılar çap olunur?
– Folklor İnstitutunun nəzdində nəşr olunan “Dədə Qorqud” jurnalı elmi-ədəbi jurnaldır. Jurnalda Azərbaycan folklorunun müxtəlif problemlərinə aid məqalələrlə yanaşı, ayrı-ayrı türk xalqlarının folklorundan örnəklər də çap olunur.
– İnstitut tərəfindən hansı musiqi CD-ləri hazırlanıb?
– Folklor İnstitutunun nəzdində ayrıca Folklor Studiyası fəaliyyət göstərir. Həmin Studiya xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. “Qarabağın musiqi folkloru”, “Halaylar”, “Aşıq musiqisi”, “Azərbaycan xalq dastanları”, “İrs folklor ansamblının repertuarı” bu vaxtacan buraxdığımız albom-disklər, yəni DVD və CD-lərdir. Bütün bu kimi materiallar İnstitutumuzda Folklor Fondunun əsaslı şəkildə qurulması üçün çox vacibdir.
– İnstitutun son vaxtlar gördüyü ən mühüm işlərdən biri 10 cildlik “Qarabağ: folklor da bir tarixdir” kitabıdır. Kitabdakı materiallar necə toplanıb?
– 10 cilddən ibarət “Qarabağ: folklor da bir tarixdir” kitabı Qarabağ sakinlərindən toplanmış folklor nümunələrini əhatə edir. Nümunələr Qarabağın işğal altında olmayan ərazilərindən və Qarabağ köçkünlərinin məskunlaşdığı yaşayış məntəqələrindən toplanıb. Əsasən diktofona yazılan folklor nümunələri sonradan necə var, o şəkildə kitab səhifələrinə gətirilib.
10 cildlik Qarabağ kitabı Qarabağın Azərbaycan torpağı olması faktının təsdiqinə necə xidmət edir?
– Şifahi xalq ədəbiyyatının saysız-hesabsız nümunələrinin Qarabağda, Azərbaycan dilinin Qarabağ şivəsində, Azərbaycan türkləri tərəfindən yaranması, həmin nümunələrin yaddaşlarda qorunub saxlanması və bu gün şifahi şəkildə sinədən söylənməsi mədəniyyət faktı olmaqla bərabər, həm də tarix faktıdır. Bəli, Qarabağ folkloru Qarabağ tarixinin də bir güzgüsüdür. Bu güzgüdə əksini tapan həqiqətlərdən biri Qarabağın vətən rəmzinə çevrilməsi, özündə Azərbaycan anlayışını birləşdirməsidir:
Əziziyəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
– Son günlərdə Siz Mülüzdə keçirilən multikulturalizm konfransında iştirak və çıxış etmisiniz. Belə konfranslara getməkdə başlıca məqsəd nədir?
– Fransanın Mülüz şəhərindəki Yuxarı Alzas Universitetində keçirilən konfrans multikultural dəyərlər baxımından xalqların bir-birini bir az da yaxından tanıması məqsədinə xidmət edirdi. Multikulturalizmə həsr edilmiş konfransın Yuxarı Alzas Universitetində keçirilməsi təsadüfi deyildi. Məsələ burasındadır ki, həmin Universitet Azərbaycandakı bir çox dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Əməkdaşlığın müsbət nəticəsidir ki, Universitetdə Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası, Məhsəti Gəncəvi salonu yaradılıb, filologiya fakültəsinin tələbələrinə Azərbaycan dili və ədəbiyyatı dərsi keçilir. Yuxarı Alzas Universitetinin bizim İnstitutla da müəyyən əlaqələri vardır. Folklor İnstitutu ilə əlaqələrin yaranmasında və genişlənməsində Xocalı faciəsinə və 1918-ci ilin 31 mart qırğınına musiqi əsərləri həsr etmiş Pyer Tiluanın rolu böyükdür. Ötən illərdə bir neçə dəfə AMEA Folklor İnstitutunda olan bəstəkar İnstitut rəhbərliyinin xahişi ilə «Kitabi-Dədə Qorqud» eposunun süjeti əsasında simfonik poema bəstələnib.
– Folklor İnstitutunun buraxdığı kitabların ingilis və digər xarici dillərdə çap olunması ilə bağlı planlarınız varmı?
– Folklor İnstitutunun nəşr etdiyi dəyərli elmi əsərlərin və folklor toplularının həm ingilis, həm də digər xarici dillərə tərcümə edilməsinə çox böyük ehtiyac var. Bu ehtiyacı lazımi şəkildə ödəmək hələ ki, bir arzu olaraq qalır.
– Folklor İnstitutu hansı layihələr üzərində işləyir?
– “Türk xalqlarında dövlət simvolları, etiketləri, mərasimləri və bayramlarının folklor baxımından genezisi” layihəsini yenicə başa çatdırmışıq. Nəticədə “Folklor və dövlətçilik düşüncəsi” adlı 2 cilddən ibarət monoqrafiya yazıb çap etdirmişik. Bu il üzərində çalışacağımız əsas layihələrdən biri isə “Folklorda azərbaycançılıq və multikulturalizm” mövzusundadır. Milli-mədəni müxtəlifliyi Azərbaycan folklorunun ortaq dəyərlərindən biri kimi öyrənmək həmin layihənin əsas istiqaməti kimi nəzərdə tutulub.

11 yanvar 2017-ci il
"TEAS" jurnalı 2017, N 1

 
© Muxtar KAZIMOĞLU   2014.