Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
24.04.2022

Akademik Muxtar Kazımoğlu-İmanov erməni saxtakarlığı ilə bağlı vebinarda iştirak edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 23 aprel ─ “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar təşkil edib.
Zoom platforması üzərindən təşkil olunan vebinarı Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açıblar. Kamran İmanov mövzu ilə bağlı ətraflı çıxış edərək, belə tədbirlərin əhəmiyyəti və məqsədi barədə danışıb. Sonra söz alan AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı mövzusunda çıxış edib. Akademik bildirib ki, 1881-1929-cu illər arasında nəşr olunan SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar) adlı məcmuədə Azərbaycan folklor nümunələrinin böyük qismi erməni folklor nümunələri adı altında çap edilib. Akademik bildirib ki, ötən il AMEA Folklor İnstitutunun nəşr etdiyi “SMOMPK-də Azərbaycan folkloru materialları” toplusunun IV cildi bütövlükdə bu məcmuədə erməni folkloru adı altında çap olunmuş materialları əhatə edib. Topluda erməni aşığı Vartan Xoyskinin vücudnaməsinə toxunan akademik bildirib ki, S.Zelinskinin təqdim etdiyi vücudnamə Azərbaycan aşıq sənətinin ermənilərə təsirinin əyani göstəricisidir. Həmin vücudnamənin bir bəndi belə bu təsirin nə dərəcədə olduğu haqda aydın təsəvvür yaratmağa kifayət edir. Fikirlərinə davam edən akademik bildirib ki, SMOMPK məcmuəsində erməni adı altında çap olunan Azərbaycan folkloru örnəkləri – mərasim nəğmələri, əfsanə, rəvayət, nağıl, lətifə və s. kimi müxtəlif janrları əhatə edir. Həmin mətnlərin istənilən prizmadan analizi onların Azərbaycan folkloruna məxsus nümunələr olduğunu ortaya çıxarır. Belə nümunələrdə Azərbaycan folkloru ilə bağlılığın ən üzdə olan əlaməti obrazlar sistemində, adlarda özünü göstərir. Nəğmələrdə Azərbaycan folkloru həm də dil baxımından özünü açıq-aşkar büruzə verir.
Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-imanov çıxışının sonunda bildirib ki, obraz və motivlərin bənzərliyi coğrafi baxımdan bir-birindən xeyli uzaqda olan xalqlarda da müşahidə edilə bilər. Amma bu heç kimə haqq vermir ki, qonşu xalqın folklor nümunələrini öz xalqının folkloru kimi təqdim etsin.
Akademikin çıxışından sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili də mövzu ətrafında çıxış ediblər.

 
© Muxtar KAZIMOĞLU   2014.