Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
 

3.7.2014

Muxtar Kazımoğlu – İmanov AMEA-nın müxbir üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Rəyasət Heyətinin iyunun 30-da təşkil olunan ümumi yığıncağında AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib.
Humanitar və İctimai Elmlər bölməsindən AMEA-nın müxbir üzvlüyünə (ədəbiyyatşünaslıq üzrə) seçilənlər sırasında AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e. d. Muxtar Kazımoğlu (İmanov) da var.
İnstitutumuzun kollektivi folklorşünaslıq sahəsində tanınmış alim Muxtar Kazımoğlunu bu münasibətlə təbrik edir, bundan sonrakı elmi fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayır.
Bildirək ki, Muxtar Kazımoğlu – İmanov 1955-ci ildə Şərur rayonunun Axura kəndində anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
1983-cü ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturanı bitirərək 1984-cü ildə “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun "Folklor" şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
1992-2000-ci illər arasında “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur.
2001-ci ildən Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi kimi fəaliyyət göstərən M.K.İmanov 2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Folklorun və yazılı ədəbiyyatın aktual problemlərinə həsr olunmuş dörd monoqrafiyanın, yüzə yaxın elmi məqalənin, eləcə də bir sıra publisistik yazıların müəllifidir.

 
© Muxtar KAZIMOĞLU   2014.