Muxtar  KAZIMOĞLU
(İMANOV)

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor  İnstitutunun  direktoru,
akademik

 

 

 

 

 








 




   
   
   
 
   
   
5.6.2015

Yaradıcı şəxsiyyəti, ziyalı müdrikliyi

“Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, xlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçir”. (Platon)

Folklorşünas Muxtar Kazımoğlu ilə bağlı düşüncələrimi hələ bir neçə il bundan əvvəl “Xalq gülüşünün poetikası” monoqrafiyası əsasında bölüşmək istəyirdim. Səhv etmirəmsə 2007-ci il idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Folklor və Qədim ədəbiyyat kafedrasına gəlmişdi. Kafedranın əməkdaşlarına və mənə adını çəkdiyim kitabını (“Xalq gülüşünün poetikası”) hədiyyə verdi. Oxudum, müəyyən yerlərinə karandaşla qeydlər apardım. Qənaətlərimi mətbuat səhifələrində bölüşəcəyimi düşündüm. Ancaq necə oldusa yazını yaza bilmədim. Məndə belə hallar olur. Bəzən günlərlə, aylarla istəyində olduğum, fikrimi məşğul edən hansısa problemi yazıya gətirməyin çətinliyini yaşayıram. Onda nə varsa kənara qoyub zamanını gözləməli oluram və bilirəm ki, nə vaxtsa yazacağam. Təkrar deyirəm, Azərbaycan folklorşünaslığının başında duran (Folklor Institutunun direktoru anlamında), AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu ilə bağlı fikirlərimi bölüşməmdə də belə bir hal yaşandı.
Platondan verdiyimiz epiqrafı təsadüfi olaraq yazımıza gətirmədik. Bizi bütün müstəvilərdə daha çox düşündürən yaradıcı şəxsiyyəti məsələsidir. Hər hası bir yazıçının, şairin, tədqiqatçının yazdıqlarının mahiyyətində nələrin dayanması və hansı ideallıqlara hesablanması bir istiqamətdə şəxsiyyət faktorunu ortaya qoyur. Fikrimizcə, yaradıcı şəxsiyyəti bütün müstəvilərdə önəm daşıyan hadisədir. Mühitindən, zamanından, yerindən asılı olaraq bu birmənalı olaraq belədir. Hər hansı kəs, istər adi sıradan, istərsə də qalaq-qalaq kitabları ilə böyük sənətə xidmət etmiş şəxs öz düşüncəsi, fəaliyyəti, davranışları ilə ilk əvvəl özünü ifadəyə xidmət edir. Biz bütün parametrlərdə hər ziyalıdan (yazıçı, şair, alim olandan) İsmayıl Şıxlılıq tələb edə bilmərik və bu düzgün də deyil. Və yaxud da İsa Muğannalıq, Bəxtiyar Vahabzadəlik, Məmməd Arazlıq, Hüseyn Ariflik prinsipi ilə yanaşa bilmərik. Digərlərində də belədir. Belə yanaşsaq onda böyük səhvlərə gəlib çıxarıq. Bütün bunların müqabilində etnosun özünün müəyyənləşdirilmiş mənəviyyat və dəyər prinsipləri vardır. Hər şeyə buradan baxırıq və seçimi də məhz bununla edirik. Ancaq olan budur ki, bütün yaradıcılar hər birisi özlərinin düşüncəsi, şəxsiyyəti ilə bir üslubdur. Böyüklük, şəxsiyyət kimi ucalıqda dayanmağa isə hər kəs çata bilmir. Bu özü Ulu Tanrının verdiyi paydır. Yəni seçilmişlərdən olmadır. Dediklərim və demək istədiklərim folklorşünas Muxtar Kazımoğlunun şəxsiyyət və ziyalılıq müstəvisində məndə yaratdığı təəssüratı aydınlaşdırmaqdır.
Muxtar Kazımoğlunun yazılarını keçən əsrin doxsanıncı illərindən izləməkdəyəm. “Müasir Azərbaycan nəsrində psixologizm” (Bakı, Elm, 1991) monoqrafiyasını zamanında oxumuşdum və yazı prosesində də təkrar qeydlərlə diqqətdən keçirdim. Eləcə də “Gülüşün arxaik kökləri” (Bakı, Elm, 2005), “Folklorda obrazın ikiləşməsi” (Bakı, Elm, 2011), “Folklor həm keçmiş, həm də bu gündür” (Bakı, Elm və təhsil, 2014) tədqiqatlarını oxudum və sabit bir düşüncənin, mükəmməl bir üslubun şahidi oldum. Görkəmli yazıçı, dramaturq, ədəbiyyatşünas M.F.Axundov yazırdı ki, “əsl xeyirxah, ləyaqətli kəslər o kəslərdi ki, bütün hərəkət və davranışlarını vətənpərvərliyə hesablayırlar”. M.Kazımoğlu da məhz bütün hərəkət və davranışlarını vətənpərvərliyə, nümunə olmaya hesablayan ziyalılardandır. Son dövrlərdə, ictimai, siyasi, mədəni mühitlərin qarışdığı vaxtlarda bu dəyərlərə əməl etmək, bu ucalıqda dayanmaq elə də asan məsələ deyildir.
Sovetlər imperiyasının dağılmasından sonra Azərbaycanda baş alıb gedən xaos bütün meyar və prinsipləri alt-üst etdi. Bəlkə də məqsədli şəkildə cəmiyyət buna sürükləndi. Xalqın, etnosun yaddaşını ləkələmək, müəyyənləşmiş ölçü və prinsipləri sındırmaq və bir dəyərsizlik yaratmaq, hər şeyi adiləşdirmək kimi qorxulu təsəvvür aşılandı. Özü də çoxalan istiqamətdə getdi və pis budur ki, bu gün də həmin qorxulu yol bir çoxluqla davam etdirilir. Müasirlik adı ilə respublikaya sırınır. Burada hətta süni, qondarmalarla dolu bir avropalaşmaq xətti də boy göstərməkdədir. Onu da əlavə edək ki, bu sürətli gedişdə qloballaşma terminindən də yararlanılır. Ancaq məsələ buradadır ki, Avropada, dünyada mövcud olan yaxşılıqların, yaxşı olanların seçimini aparmaqdansa, onları məmləkətimizə gətirməkdənsə, daha pis olanların təlqininə üstünlük verilir. Bunun kökünü isə yuxarılarda, Azərbaycana, xalqımıza həqarətlə baxanların düşüncəsində, fəaliyyətlərində, yanaşmalarında aramaq lazımdır. Onlar bu məmləkətə varlanmaq, çapıb-talamaq, daha çox qazanmaq ehtirası ilə yanaşırlar. Azərbaycan elə bunun üçün də onlara lazımdır. Diqqət yetirdikdə və bir qədər dərinlərə getdikdə görürsən ki, bunların əli kimlərin cibindən çıxır və hansı məssəbə qulluq edirlər. Bir sıra telekanalların düzəltdikləri şoular, təlqin eləməyə çalışdığı dırnaqarası mənəviyyat da bu qorxunun nümunəsidir. Yaxın günlərdə, daha doğrusu, aprelin 12-də (2015) əvəzsisz ustad sənətkar Aşıq Ədalət Nəsibovun televiziya ekranından səsləndirdiyi etiraz (söyüş qarışıq) bir üsyan, xalqın bu yolu tutanlara mesajı idi. Biz bunlardan nəticə çıxarmalıyıq. Sabaha gedən yolumuzu, millətimizin yüz illər boyu müəyyənləşdirdiyi dəyərləri saf, olduğu kimi qorumağa üstünlük verməliyik. Və sevinməliyik. Sevinməliyik ki, nə yaxşı Ədalət Nəsibovlar var. Başqa bir müstəvidə şükranlıq eləməliyik ki, Muxtar Kazımoğlu kimi bütöv, hər cür ucalıqda dayana bilən, hərəkəti, davranışı, münasibətləri ilə nümunə olacaq ziyalılarımız var.
Muxtar Kazımoğlu bütün müstəvilərdə milli ziyalı tipidir. Tipik Azərbaycan ziyalısıdır. Özünün rəftarı, davranışı və hərəkətləri ilə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış böyük ziyalı nəslinin varisi kimi görünür və bizə canlı klassikanı xatırladır. H.Zərdabinin, M.Mahmudbəyovun, S.M.Qənizadənin, E.Sultanovun, Ö.F.Nemanzadənin, Y.V.Çəmənzəminlinin, S.S.Axundovun, R.Əfəndiyevin, Y.V.Çəmənzəminlinin və bu sıradan olan digərlərinin yaddaşlarda formalaşdırdığı düşüncəni sərgiləyir. Onlar Azərbaycanımıza xalqın, millətin sabahı naminə nələr etməyiblər. Canlı ömürlərini, fəaliyyətlərini, düşüncələrini məmləkətin başı üzərində şam, çıraq kimi yandırıblar. Bizim üçün bunlar bir tarixdir, keçilmiş yoldur. Və uğurlarımız, nailiyyətlərimiz, qazandıqlarımız naminə onlara borcluğuyuq. O xalqlar xoşbəxtdir ki, belə zəngin, qürur duymalı keşmişi var. O xalq bədbəxtdir ki, keçmişləri qaranlıqlarla doludur. Hələ yaxın zaman anlamında o böyükləri xatırlatdım. Bu siyahını daha qədmlərə əvvəlki yüzilliklərə doğru apardıqda şərəfli bir tarix, müəyyənlikli bir yol gözlərimiz önündə canlanır. Müasir çağımızda üz tutulası, ümid yeri kimi baxılası kəslərin olması təsadüfi deyil, əslində genetik ənənənin hadisəsi olaraq böyük önəm daşıyır. İnsanların, bütünlükdə xalqın tutalğac yeri kimi görünür. Görkəmli ədibimiz N.Nərimanov vurğulayırdı ki, “vətənin qədrini o kəslər biləcək ki, ruhən, qəlbən onunla birlikdə olsun, vətənlə birlikdə ağlasın, vətənlə birlikdə gülsün”. Muxtar Kazımoğlu bütünlükdə ruhu ilə vətənə bağlı olanlardandır. Ədalətin, haqqın keşiyində ola bilənlərdəndir və içini xeyirxahlıqlarla dolduranlardandır.
Muxtar müəllimin qısa avtobioqrafiyası belədir: İmanov Muxtar Kazım oğlu 1955-ci il may ayının 28-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Axura kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1977-1980-ci illərdə Naxçıvan MR Şərur rayon Həmzəli kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasına daxil olmuşdur. “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir (1984). Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır (1983-1992). “Yazıçı” nəşriyyatında baş redaktor olmuşdur (1992 - 2000). AMEA Folklor institutunun Türk xalqları folkloru şöbəsinin elmi işçisi (2003-cü ildən), hal-hazırda isə institutun direktorudur (2011). “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (2007). Bu kifayət qədər sıxılmış və həm də olduqca çoxlu, zəngin həyati faktları özündə əks etdirən bir sadalamadır. Açımında isə bir Azərbaycan ziyalısının, mənən son dərəcədə zəngin, olduqca maraqlı, həm də dolu olan fakt bolluğu dayanır. İşıqlı bir şəxsiyyətin siması boy göstərir. V.Q.Belinski rus ədəbiyyatının görkəmli nümayəndəsi A.S.Puşkinin yaradıcılığını təhlil edərkən bir məsələyə xüsusi diqqət yetirir: “Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır... Əgər siz şairin şəxsiyyətini ciddi, qərəzsiz şəkildə tədqiq edib öyrənmiş və şairin düzgün başa düşmüsünüzsə, o halda siz, küləyin gücünə, öz şıltaq fantaziyanızın göylərində, haraya gəldi baş alıb getmirsiniz, yerdə ayaqlarınız üzərində möhkəm dayanırsınız, siz daha şairdən özünüzün arzu edə biləcəyiniz şeyi tələb etmirsiniz, indi siz onun özünün sizə verdiyini qiymətləndirirsiniz” (V.Belinski. Seçilmiş məqalələri. Bakı, Gənclik, 1979, s. 137-138). Mən də məhz M.Kazımoğlunu onun yaradıcılığının və görüb bildiyim keyfiyyətlərinin müqabilində, daha doğrusu, tanıdığım, bildiyim qədərində qiymətləndirirəm. Elmimizə, ədəbiyyatımıza, bütünlükdə mədəni sferaya verdi töhfələr timsalında yazıya gətirirəm. Ancaq onu da əlavə edim ki, bu müstəvidə təhlillər aparmaq, M.Kazımoğlunu açmaq bir məqalə siviyyəsində çox az və çətindir. Bunu altımış ilin tanıdığm zamanı müqabilində deyirəm. Yaşanmış altmış ilin isə özünün içində bir neçə belə altmış ilə çatacaq müdriklik və zənginlik tərəfləri vardır. Folklorşünas A.Cəmil “Xalq gülüşünün poetikası” məqaləsində bir məqamı vurğulayaraq yazır: “Xalq ədəbiyyatı nümunələrinin toplayıcısı və tərtibçilərindən olan, folklorşünaslığın aktual problemlərinə, çağdaş ədəbiyyatımızın nəzəri məsələlərinə monoqrafiyalar, elmi, publisistik məqalələr həsr edən M.Kazımoğlunun yaxın zamanlarda işıq üzü görmüş “Xalq gülüşünün poetikası” kitabı folklorda tamamilə yeni qatın – komizm qatının sistemli şəkildə öyrənilməsidir” (A.Cəmil. Çağdaş meyarlar mövqeyindən. Bakı, Elm və təhsil, 2013, s. 23). Fikrimizcə, M.Kazımoğlunun araşdırmalarında yeni və orijinallıqla görünə bilən qatlar kifayət qədərdir. İlk öncə bu ondakı müəyyənlikli üslubla bağlıdır. Çağdaş Azərbaycan mühitində belə bişmiş, həm də mükəmməlliklə görünə bilən az üslublar vardır. Bu cür yazı tərzi etiraf edək ki, hər kəsə nəsib olmur. M.Kazımoğlunun məqalələri bir növ onun özünü, hərəkət və davranışlarını, şəxsiyyətini ifadə faktıdır.
“Yeni qat”lar timsalında diqqət yetirilib öyrənilməli istiqamətlərdən biri və bəlkə də birincisi “Müasir Azərbaycan nəsrində psixologizm (60-70-ci illər)” problemidir. M.Kazımoğlu məhz elmə, böyük ədəbiyyata bu monoqrafiyası ilə gəlmişdir. Ədəbiyyatda psixologizm çox ciddi, həm də bütün mərhələlər üçün aktual olan və aktuallıq kəsb edən məsələdir. Avropa ədəbi-nəzəri fikrində, eləcə də rus elmi arenasında bu istiqamətdə müəyəyn araşdırmalar aparılmış, fikirlər yürüdülmüşdür. M.Kazımoğlu da elmə qədəm basdığı ilk anlarda belə bir problemin təhlilinə qərar vermişdir. Son dövr elmi arenaya gəlişdə nədənsə daha çox nəzəri baxımdan böyük təhlilləri aktuallaşdıran problemlərin işlənməsinə elə də önəm verilmir. Gənclik asan və tez başa gələn mövzuların işlənməsini, elmi adın tezliklə alınmması yolunu tutur. Bu da bir tendensiyadır. Ancaq M.Kazımoğlu müasir Azərbaycan nəsrində psixologizmi işləməklə ədəbiyyatda öz mövqeyini ortaya qoydu. Burada iki istiqamət – müasir Azərbaycan nəsri və onun olduqca ciddi bir tərəfi, psixologizmi diqqət mərkəzində saxlanır. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında 60-cı illər xüsusi bir mərhələdir. Ədəbi-nəzəri fikir bu mərhələni müxtəlif səviyyələrdə təhlil etmiş, ona özünün elmi-nəzəri şərhini vermişdir. Ancaq bu mərhələ nə qədər təhlillərə şərait yaratsa da, yenə yeni sözə, ciddi araşdırmalara ehtiyac doğurur. Bunun da köklü səbəbləri var. Azərbaycan xalqının tarixi taleyi kimi ədəbiyyatı da birxətli inkişafla heç vaxt nəzərə çarpmamışdır. Ümumiyyətlə, bu ədəbiyyatın işi də deyildir. Ədəbiyyat həmişə ziqzaqlı gedişlərlə, yeni nəfəslərin, istedadların, ədəbi axınların gəlişi ilə səciyyələnir. Altmışıncı illər Azərbaycan ədəbiyyatı da bu xarakterlidir. Çünki bu ədəbiyyat bu xalq kimi sovet idealogiyasının təqibləri, təzyiqləri altında repressiyalar, deportasiyalar, nəsillərin faciəsi kimi dəhşətləri yaşamışdır. İçərisində ovunmayan ağrıları ifadə üçün lazım olan şəraiti və zamanı gözləyirdi. O zaman İ.Hüseynovun, İ.Şıxlının, R.Rzanın, B.Vahabzadənin, Qabilin, İ.Məlikzadənin, Y.Səmədoğlunun, Anarın, Elçinin, V.Nəsibin, M.Süleymanlının və bu sıradan olan digərlərinin yaradıcılığı ilə reallaşdı. İ.Hüseynovun “Anadil ötən yerdə” əsərinə münasibətdə təsdiqini tapdı. M.Hüseynin “sən niyə atandan yazırsan” sualına İ.Hüseynovun “çünki mən atamı yaxşı tanıyıram” cavabı bütünlükdə ədəbiyyatı silkələdi. Sanki bir konsepsiya səviyyəsinə qaldırıldı. “Toy”, “Tütək səsi”, “Kollu Koxa”, “Saz”, “Doğma və yad adamlar”, “Quru budaq”, “Yanar ürək” və s. kimi əsərlər ədəbiyyata milli düşüncəni, etnosun əxlaq və davranış təsəvvürlərini gətirmək yolunu tutdu. İ.Şıxlının “Mənim rəqibim”, “Həkimin nağılı”, “Dəli Kür”, “Namərd gülləsi”, “Namus qaçağı” kimi əsərlər məhz bu dövrün abidəsidir. Y.Səmədoğlunun “Yaddan çıxmış sözlər”, “Xəzri” kimi kiçikhəcmli hekayələri bütünlükdə böyük bir xalqı özündə ehtiva edir. M.Süleymanlının “Armud ağacının nağılı”, “Yamacda bir kənd”, “Qaraca kişinin yaylaqları”, “İt dərəsi”, “Duzsuzluq”, “Şeytan”, “Dəyirman”, “Köç” bütünlükdə milli yaddaşın daşınışına və ifadəsinə hesablanmış nümunələrdir. Anar “Ağ qoç, qara qoç”a, Y.Səmədoğlu “Qətl günü”nə məhz həmin altmışıncı illərin oyanışından gəlmişlər. Həm də o oyanışın daşıyıcısı olmuşlar. Fikrimcə, “Ağ qoç, qara qoç” sön dövr ədəbiyyatın ən böyük uğurlarındandır, keçmişimiz, sabaha gedən yolumuzdur. Elə M.Kazımoğlu da böyük ədəbiyyata məhz bu illərin düşüncəsini, istəyini, ağrılarını mənimsəməklə, yaşamaqla gəlmişdir. Monoqrafiyanın başlanğıc epizodunda bir tezis xüsusi olaraq vurğulanır: “Dönə-dönə deyilib ki, 50-ci illərin sonlarından Azərbaycan nəsrində insanın daxili aləmini əks etdirmək meyli güclənib. Müasir Azərbaycan nəsrinə həsr olunan araşdırmalar içərisində az nümunə tapmaq olar ki, həmin meylə bu və ya digər dərəcədə toxunmasın. Ancaq İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədov, Ç.Hüseynov, Ə.Əylisli, Anar, M.İbrahimbəyov, F.Kərimzadə, Y.Səmədoğlu, Elçin, İ.Məlikzadə, M.Süleymanlı və b. yaradıcılığı insan mənəviyyatını əks etdirmək baxımından öyrənildikcə nəsrimizin daha konkret və xüsusi sənətkarlıq məsələlərinin araşdırılmasına ehtiyac yaranır. Psixologizm belə məsələlərdən biridir” (“Müasir Azərbaycan nəsrində psixologizm”. Bakı, Elm, 1991, s. 3). Onu da əlavə edək ki, keçən əsrin altmışıncı illərini təkcə həmin zamanla və həmin nəsrin nümayəndələri ilə məhdudlaşdırmaq olmaz. Bunun başlanğıcını, işartılarını daha əvvəlki onilliklərdə və həmin onillikləri yaşayanların yaradıcılığında axtarmaq lazımdır. Səksəninci illərin ədəbiyyatı da özlüyündə məhz altmışıncı illərin zənginliyindən boy atmışdır. M.Kazımoğlu 60-70-ci illərin bədii nəsri müstəvisində psixologizm məsələlərinə bir problem kimi diqqət yetirmiş və konkret nümunələrə istinad etməklə həyatı, obrazların daxili aləmini, cəmiyyətin doğurduğu təlatümləri, insan münasibətlərini bir bütöv kimi təhlildən keçirmişdir.
Bütün yaradıcılıqların, eləcə də ədəbi-nəzəri düşüncənin enerji qaynağı folklordan gəlir. Nə varsa hamısı öz nizamını, başlanğıcını xalq təsəvvüründən, zəngin həyat təcrübəsindən, həyat və təbiət simmetriyasından götürür. Klassiklərin yaradıcılığı, ayrı-ayrı əsrlərdəki ədəbiyyat faktları folklora bir istinad nöqtəsi, bədii-estetik düşüncə modeli kimi baxır və ondan istedadı, gücü müqabilində bəhrələnir. Bu bizə gəlib çatan ilk yazılı ədəbiyyat nümunəsindən tutmuş bu gün əsərinə sonuncu nöqtəsini qoyan yaradıcıya qədər belədir. Keçən əsrin altmışıncı illər nəsrinin də gücü məhz buradadır. M.Cəfər bunları bir kül halında xəlqilik timsalında ümumiləşdirərək deyir: “Xəlqilik böyük sənətin ən böyük meyarıdır. Biz nəzəriyyələrdən, hər nə qədər intellektuallıqdan, realizmdən, psixologizmdən, bədii forma əlvanlığı və sairədən danışsaq da yenə bir nəticəyə gəlib çıxacağıq, şeirin ürəyi xalqıln ürəyi, şeirin fəlsəfəsi xalqın həyat fəlsəfəsi, şeirin əxlaqı xalqın gözəl əxlaqi keyfiyyətləri, şeirin dili xalqın dili olmalıdır”. Ədəbiyyat özlüyündə xəlqi olma ilə yaşam haqqını müəyyənləşdirir. Yazıçının, sənətkar olanın gücü bu dəyərlərə nə dərəcədə yiyələnə bilməsi ilə müəyyənləşir. M.Kazımoğlu da 60-70-ci illər nəsrini psixologizm müstəvisində bir istiqamətdə folklor faktlarından çıxış etməklə müəyyənləşdirməyə çalışır. Monoqrafiyanın “Psixoloji nəsr və folklor” adlanan fəsli məhz bu mənada mühüm əhəmiyyət daşıyır. Əlbəttə burada folklordan gələn modellər kontekstində nəsri izləmək elə də uğurlu nəticələrə əsas verməzdi. əsas olan problemin folklor ruhunda izlənməsi və mahiyyətin, yaddaş fakturasının verdiyi informasiya yükünün aydınlığıdır. Məhz ona görə də çox doğru olaraq M.Kazımoğlu bir məqamı xüsusi olaraq vurğulayır: “Heç şübhəsiz folklorda qəhrəmanın hiss-həyəcan və düşüncələrinin ifadə edilməsi mənasında psixologizm var. Özü də bu psixologizm incə duyğular üstündə köklənmiş lirik janrlarla məhdudlaşmayıb, epik janrları da əhatə edir” (səh. 85). Bu gün Azərbaycan folklorşünaslığında özünü aparıcı istiqamət, həm də maraqlı mənəviyyat hadisəsi kimi göstərən dəyərlər sisteminə müxtəlif baxış bucaqlarında yanaşmağın, təhlillər aparmağın zərurəti özünü daha çox göstərir.
M.Kazımoğlunun tədqiqatlarında “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011) və s. kimi kitabları mühüm yer tutur. Ciddi və olduqca mükəmməl bir üslub sahibidir. Azərbaycan ədəbiyyatı tarixinə diqqət yetirdikdə satiranın, gülüşün, yumorun ilkin nümunələrinin tarixinə bəlkə, ədəbiyyatın özünün ilkin nümunələrindən bu yana izləmək olur. Bu odemək deyil ki, bütünlükdə hər hansı bədii nümunə yumora, satiraya, əvvəldən axıra qədər gülüşə, tənqidə köklənsin. Klassiklərimiz həyatı, onun müxtəlifliyini bütün boyaları, rəngləri, müxtəliflikləri ilə təqdim etmiş və buna da çalışmışlar. Əgər belə olmasaydı bədii düşüncənin özündə birtərəflilik, hansısa cansıxıcılıq görünərdi. Q.Təbrizinin, X.Şirvaninin, N.Gəncəvinin, M.Füzulinin, M.Əmaninin, A.Bakıxanovun, S.Ə.Şirvaninin, Q.Zakirin yaradıcılığı bu tip faktlarla doludur. XIX əsrdə bu xətt B.Şakirin, M.B.Nadimin, C.Nəvanın, A.Canızadənin, Aşıq Qənbərin yaradıcılığında bir qədər də çoxalır, bir növ güclənən istiqamətdə gedir. Etiraf edək ki, ədəbiyyatda, daha doğrusu, yazılı ədəbiyyatda satirik nümunələrin araşdırılması ilə bağlı xeyli işlər görülmüşdür. Komizm problemlərinə həsr olunmiş monoqrafiya və məqalələr yazılmışdır. Satirik mətbuatın yaranması və təhlili haqqında deyilənlər də bura daxildir. Ancaq folklorda (söhbət Azərbaycan folklorşünaslığından gedir) xalq gülüşünün mahiyyəti, funksional səciyyəsi, məramı demək olar işlənməmişdir. M.Kazımoğlunun bu müstəvidə ciddi təhlillərə qərar verməsi məhz zərurətdən yaranmışdır. Xalq ədəbiyyatı, xalqın zəngin məişəti rəngarəngliklərlə, həyat hadisələrinə, faktlara, cəmiyyətə münasibət, ifadə və yanaşma fərqlilikləri ilə doludur. Folkorda ciddi üslub, yazı təhkiyəsi axıra qədər davamlı və birmənalı görünmür. Hətta xalq ədəbiyyatının ən ciddi klassik nümunələrində bu və ya digər komik ellementlərə rast gəlmək olur. Məsələn, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi möhtəşəm abidələr buna nümunədir.
Azərbaycan xalqının zəngin qəhrəmanlıq, mübarizə tarixi vardır. Dastanlarımız, əfsanə, rəvayət, nağıl, bayatı, mahnı və s. örnəklərimiz buna tipik nümunədir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qandal Nağı”, “Qara Tanrıverdi”, “Səməd bəy” və s. kimi möhtəşəm dastanlar xalqın qəhrəmanlıq tarixinin abidəsidir. Eləcə də məhəbbət dastanlarımız (“Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Valeh və Zərnigar” və s.) bu istiqamətdə zəngin ənənəyə köklənmişdir. Nağıllarımızda da bu zənginliyin bir istiqamət kimi yaşandığını və bütünlükdə xalqın əxlaq, dəyər, davranış təsəvvürlərini işarələdiyini görürük. Lakin bütün olanları axıra qədər ciddi üslubda düşünmək bir tərəfdir və çox azdır. Xalq bəzən kifayət qədər ciddi üslubda yaratdığı abidəyə epizod, ifadə, motiv şəklində elə bir yumor əlavə edir ki, onun təsiri bütünlükdə ədəbiyyatımızın, yaddaşımızın bəzəyinə çevrilir. Xalq mahnılarımızın birində “mən arifəm, işarədən qananam” kəlamı işlədilir. Müdriklər, el ağsaqqalları, görkəmli ədib və yazıçılar müxtəlif formalardan bəhrələnməklə cəmiyyətdəki davranış etiketlərini, lazım olanı qorumağa çalışmışlar. Yumorun, gülüşün isə rolunu bir müstəsnalıq, tərbiyə vasitəsi kimi təlqin etmişlər. Molla Nəsrəddin, Bəhlul Danəndə, lap elə bizim zamanımızda artıq obrazlaşmış Hacı dayı yumorla düşünmənin və danışmanın tipik hadisəsidir. Görkəmli şairimiz Hüseyn Arifin lətifələri təsadüfi meydana çıxıb yaranmamışdır. Onun lətifələrinin hər birinin mahiyyətində güclü xalq yumoru, xalq fəlsəfəsi vardır. İ.Şıxlı kimi ciddi üslub sahibi əgər belə olmasaydı H.Arifin lətifələrini toplayıb Azərbaycan oxucusuna çatdırmaq qənaətinə gəlməzdi. Yadıma məşhur yazıçımız İ.Hüseynovun “Kollu Koxa” povesti düşdü. Oradakı başlanğıc epizodu verirəm:
-“Cında qarı, Dingə Dəmir, Həsir Həşim!..
Siyahı uzundur.. Bizim Qaracalarda uşaqları və yeniyetmələri çıxmaq şərti ilə, neçə adam varsa, bir o qədər də ləqəb var. Hamısını uydurub yaraşdıran da Kollu Koxadır...
Deyirlər ki, bu azar, yəni adamlara ləqəb qoşmaq azarı Kollu Koxaya atasından keçib. Danışırlar ki, Çopur kişi hələ müharibədən əvvəl Qaracalarda ona-buna ləqəb – “laylağı” yaraşdırıb, axırda kəndin rəhbər işçilərinə də “laylağı” qoşub onlarla savaşmış” dır (İ.Hüseynov. Seçilmiş əsərləri. 2 c., Azərnəşr, 1988, s. 259). Kollu Koxa bütün mahiyyəti, funksional səciyyəsi ilə xalq gülüşünə köklənmişdir. İ.Hüseynov (Muğanna) kimi böyük sənərtkar Qılınc Qurban // Kollu Koxa qarşılaşmasını təsadüfi povestinin mahiyyətinə gətirməmişdir. Kollu Koxanın qılıncı (ləqəb qılıncı) Qılınc Qurbanın qətiyyətindən, mübarizlik və ötkəmliyindən geri qalmır. Yazıçı da Kollu Koxanın dilindən “Qurban əmi gəlsən qılınclarımızı birləşdirək” ifadəsini təsadüfi işlətmir. Bu xalqdan gəlir və xalqın varlığının ifadəsinin bir hissəsi kimi görünür. Folklorşünaslığın, folklorşünas alimimiz M.Kazımoğlunun xalq gülüşünun poetikasına, arxaik köklərinə diqqət yetirməsi məhz bu zəngin mədəniyyətin dərinliklərinə diqqətli olmasından irəli gəlir. Ədəbiyyatşünas alimimiz K.Əliyev “Xalq gülüşünün özəllikləri” məqaləsində (M.Kazımoğlunun “Gülüşün arxaik kökləri” monoqrafiyasına giriş sözüdür) bir məqamı xüsusi olaraq vurğulayır: “Azərbaycan folkloruna dair elmi araşdırmaların zamanı dəyişdikcə həmin araşdırmaların istiqaməti və mahiyyəti də dəyişir və yeniləşir. Son illərin bu sahədəki qənaət göstəriciləri və xarakterik əlaməti ondan ibarətdir ki, folklorşünaslıq zahiri effektlə diqqəti cəlb edən və yalançı aktuallıq adı altında məzmunu üstələyən formalizm meyllərindən uzaqlaşır, daha çox isə mahiyyətə doğru can atır. Bu fikrin ən bariz təsdiqi kimi Muxtar Kazımoğlunun xalq gülüşünün özəllikləri barədə son vaxtlar elmi məcmuələrdə sistemli və ardıcıl çap etdirdiyi məqalələrini, daha konkret yanaşsaq, bu kitabını nümunə gətirmək olar” (səh. 3). Doğurdan da, “Gülüşün magik mahiyyəti”, “Nağıllarda komik qarşıdurma”, “Folklorda gülüşün bəzi ümumi məsələləri”, “Dərvişlər: sehrkarlıq və oyunbazlıq”, “Qorqud, Burkut, və bəktaşi”, “Qızıl saçlı qəhrəman və keçəl”, “Dədə Qorqud kitabı”nda dəli obrazı”, “Koroğlu” eposunda dəli obrazı”, “Koroğlu və Keçəl Həmzə”, “Mərd-namərd qarşılaşmasında dramatiklik və komiklik” başlığı altında verdiyi problem-təhlillər bizim hələ folklorşünaslığımızda işlənməli çox məsələlərin olmasını işarələyir. Məsələn, “Koroğlu və Keçəl Həmzə” məqaləsi bizim yaddaşımızda məlum- məşhur koroğluxanlıq və həmzəlik təsəvvürünü formalaşdırır. Və bu ədəbi-nəzəri arenada da özünə lazımı qədər yer tapmışdır (məsələn, Asif Atanın yazısı). Poeziyamızda da bu tip nümunələr vaxtaşırı olmuşdur (məsələn, Ağamalı Sadiqin “Koroğlu ölürdü səssiz, səmirsiz” şeiri). Folklorşünas M.Kazımoğlu isə tamamilə fərli müstəvidə, xalq düşüncəsində olanlar kontekstində kifayət qədər ciddi paralellər aparmışdır. “Koroğlu ilə Keçəl Həmzə obrazları müqayisə edilərkən onlar arasındakı fərqli cəhətlərə daha çox diqqət yetirilib. Ədəbiyyatşünaslarımız Koroğlunun Keçəl Həmzə ilə qarşılaşmasını insan qüdrətinin insan cılızlığı və miskinliyi ilə qarşılaması kimi məhdudlaşdırmağa daha çox üstünlük veriblər. Belə mənalandırma isə, heç şübhəsiz, Koroğlunu ideallaşdırmaq meylindən irəli gəlib. Əlbəttə, Koroğlunun xalq qəhrəmanı kimi ideallaşdırılmasında bir qəbahət yoxdur. Amma unutmaq olmaz ki, keçəl folklorumuzun məşhur qəhrəmanlarından biridir və bu obraz əksər hallarda xalq idealının daşıyıcısı səviyyəsinə qaldırılır. Odur ki, xalq qəhrəmanı Koroğlu ilə xalq idealının başqa bir daşıyıcısı olan keçəl arasında fərqli cəhətlərdən başqa, oxşar cəhətlərin də axtarılması tamamilə təbiidir” (səh. 157). Burada bizim qənaətlərimiz müqabilində uğurlu olan M.Kazımoğlunun bütün müstəvilərdə fərqli yanaşmaları, orijinal düşüncələridir. Biz onun mükəmməl yazı tərzini, müəyyənləşmiş üslubunu (əvəzsiz üslubdu), şəxsiyyət və insan kimi xarakter keyfiyyətlərini bu və ya digər dərəcədə demişdik. Bu dəyər və qabiliyyətə orijinal yanaşma, mətn fakturası üzərində fərqli müşahidələr aparmaq bacarığını da əlavə etdikdə məsələnin mahiyyəti daha da böyüyür. “Folklor həm keçmiş, həm də bu gündür” (Bakı, Elm və təhsil, 2014) kitabı da məhz bu sırada olub, folklorşünaslığımızın zənginləşməsinə yönəlikli tədqiqatdır.
Xalq yaradıcılığı nümunələrinin toplanması və nəşri ən ümdə məsələlərdəndir. El-el, oba-oba gəzmək, folklor bilicilərini tapmaq və onlarla həmsöhbət olmaq xeyli çətin, həm də əziyyətli işdir. Çox böyük zəhmət, həm də səriştə və qabiliyyət tələb edir. Hər folklorşünas da bu sahədə uğur qazana bilmir. Bu gün folklorşünaslıqda elə söyləyicilik probleminin işlənməsi özlüyündə aktual məsələ olaraq qalmaqdadır. Son dövr Azərbaycan folklorşünaslığı bu problemə daha çox maraq göstərməkdədir. M.Kazımoğlu institut direktoru seçildiyi ilk gündən toplama işlərinin aparılmasına xüsusi diqqətlə yanaşdı. Ayrı-ayrı regionlara ekspedisiyalar başladı və məhz bunun nəticəsidir ki, region folklorunun nəşrləri sahəsində daha ciddi işlər görülmədədi. M.Kazımoğlu “Bu yurd bayquşa qalmaz” (1995), “Zəngəzur folkloru” (2005) kimi topluların toplayıcısı və tərtibçilərindəndir. Bütün bunlarla o, folklorşünaslığın problemini lazımınca bilən və onu həll etmək istəyində olan ziyalıdır. Bu çox böyük göstəricidir.
Bu gün, etiraf edək ki, Azərbaycan folklorşünaslığı zəngin, həm də uğurlu inkişaf yolu keşmişdir. M.Mahmudbəyov, T.Bayraməlibəyov, E.Sultanov, F.Köçərli, Y.V.Çəmənzəminli, R.Əfəndiyev, Y.V.Çəmənzəminli, H.Zeynallı, S.Mümtaz, H.Əlizadə, V.Xuluflu, Ə.Abid, M.H.Təhmasib, Ə.Axundov, V.Vəliyev, İ.Abbaslı, M.Həkimov, S.Paşayev, B.Abdulla, P.Əfəndiyev, İ.Ələsgər, T.Fərzəliyev və başqaları xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində məktəb olmuş və bizə görüləcək işləri müəyyənləşdirmişlər. İndi Azərbaycan folklorşünaslığı böyük dayaqlar üzərində gərəkli işləri sıralayır. İlkin nəşrlər seriyasından işıq üzü görən kitablar, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, “Dədə Qorqud” jurnalı, “Qarabağ: Folklor da bir tarixdir” seriyasından buraxılan cildlər, “Borçalı folklor örnəkləri” və s. bunun nümunəsidir. Respublika və beynalxalq səviyyədə keçirilən konfranslar (məsələn, “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusundaskı konfrans), region folklorunun toplanması və öyrənilməsinə olan qayşı və s. Əlbəttə Folklor İnstitutu yarandığı gündən müqəddəs və savab işlərə qol qoymuşdur. Bu gün həmin uğurların başında Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanov dayanır. Böyük uğur və böyük sevincdir. Onu da əlavə edək ki, M.Kazımoğlunu təkcə yazdıqları (məqalə və monoqrafiyaları ilə şərh etmək bir hissədir. Həm də təkrar edək ki, gərəkli, olduqca ciddi tərəfdir. Onun ikinci tərəfi yuxarıda dediyimiz kimi, Folklor institutunda görülən işlərlə bağlıdır. Ola bilər bu işlər, həyata keçirilən layihələr zamanımızda elə də qiymətləndirilməsin. Əsrin əvvəllərində tədqiq və tətəbbö cəmiyyətinin, H.Zeynallının, V.Xuluflunun, S.Mümtazın, H.Əlizadənin, Ə.Abidin və başqalarının gördükləri də belə olmuşdu. Ancaq illər keçdikcə onların böyük işlərinin dəyəri əvəzsizliklə ölçüldü. Folklorşünaslıq elmimiz onların gördüyü işlərin üzərində bərqərar olub gərəkli uğurlara imza atdı. Folklor İnstitutunun da bu gün gördükləri ilə tarix yazır.
Muxtar Kazımoğlunun bir şəxsiyyət, ziyalı kimi bütün uğurlarına həmişə sevinmişəm. Folklor İnstitutunun direktoru seçiləndə düşündüm ki, folklorşünaslığın taleyi gətirdi. Çünki qarşımızda və bizdən elə də uzaq olmayan son dövrlərin olayları var. Hamımız onları yaşamışıq və yaşamaqdayıq. Təyinatlarda buraxılan səhvlərin nələrlə nəticələndiyini dəfələrlə görmüşük. Elmimiz, təhsilimiz, bütünlükdə məmləkətimiz məhz həmin səhvlərin ağrılarını yaşayır. Dünyanın bütün məkri, çirkinlikləri ilə üstümüzə ayaq aldığı vaxta ağıllı, düşünə bilən başlara, təəssbkeş ziyalılara ehtiyac daha da çoxalır. Azərbaycanımız bu gün belə bir vəziyyətlə üz-üzədir. M.Kazımoğlunun Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü seçilməsinə bütün bunları düşünə-düşünə bir bir vətəndaş olaraq sevindim. Sevindim ki, xalqımızın zəngin milli-mənəvi mədəniyyətinin öyrənilməsi ilə məşğul olan böyük bir ziyalı mühitinin başına layiqli olan gətirildi. Görülən müqəddəs və savab işlər bunun təsdiqidir.

Mahmud ALLAHMANLI
filologiya üzrə elmlər doktoru, professor

 
© Muxtar KAZIMOĞLU   2014.